Hörmətli iştirakçılar və dəyərli həmkarlar,
Sizi 30 may – 1 iyun 2025-ci il tarixlərində Bakıda keçiriləcək MasterCourse in Heart Failure tədbirinə dəvət etməkdən böyük məmnunluq duyuruq. London Heart House və Zurich Heart House-un dəstəyi ilə təşkil olunan bu kurs ürək çatışmazlığı sahəsində bilik və bacarıqlarını dərinləşdirmək istəyən həkimlər üçün nəzərdə tutulmuşdur.
Ürək çatışmazlığı müasir tibbin ən aktual və çətin problemlərindən biridir. Son illərdə əldə edilən elmi və klinik nailiyyətlər xəstələrin idarə olunmasında mühüm dəyişikliklərə səbəb olub. MasterCourse in Heart Failure – Bakı 2025 kursu ürək çatışmazlığının erkən diaqnostikasından tutmuş inkişaf etmiş mərhələlərinin idarə edilməsinə qədər geniş spektri əhatə edəcəkdir. Proqramda müasir farmakoterapiya, cihaz terapiyası, multimodal görüntüləmə, həyat tərzi dəyişiklikləri və xəstə baxımı kimi əsas mövzular müzakirə olunacaq.
Kurs interaktiv və praktik yanaşmaya əsaslanır. Mühazirələr, panel müzakirələri və klinik halların interaktiv təhlili ilə yanaşı, iştirakçılar "Hands-on" və "Simulator Sessions" çərçivəsində Sağ Ürək Kateterizasiyası və Transözofageal Exokardioqrafiya üzrə təcrübə qazanmaq imkanı əldə edəcəklər. Bundan əlavə, ürək çatışmazlığı xəstələrinin uzaqdan monitorinqi və rəqəmsal səhiyyənin tətbiqi mövzusunda ən son yeniliklər təqdim ediləcəkdir.
Beynəlxalq səviyyədə tanınmış ekspertlərin, o cümlədən Thomas F. Lüscher, Mandeep Mehra, Theresa McDonagh, Petar Seferovic, Cecilia Linde və digər mütəxəssislərin iştirakı ilə bu kurs sizin gündəlik klinik praktikaya dərhal tətbiq edə biləcəyiniz bilik və bacarıqları inkişaf etdirməyə imkan yaradacaq.
Sizi bu mötəbər elmi tədbirdə iştirak etməyə və ürək çatışmazlığının müasir yanaşmalarını öyrənmək, beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparmaq və peşəkar əlaqələrinizi genişləndirmək üçün MasterCourse in Heart Failure – Bakı 2025-ə qoşulmağa dəvət edirik.
Hörmətlə,
T.ü.F.D, FESC, FSCAI
Ülvi Mirzoyev
Sədr